Arıqlamaq istəyənlərə mütəxəssis məsləhəti

Arıqlamaq istəyənlərə mütəxəssis məsləhəti
6593 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər kəs, xüsusilə də qadınlar artıq çəkidən xilas olmaq üçün müxtəlif vasitələrə əl atırlar. Bunlardan bir çoxu müsbət nəticələnsə də, bəziləri orqanizmə zərər vurur.

Məşqçi Ceyhun Vəliyev Axşam.az-a hansı pəhriz növünün orqanizmə xeyirli olduğundan danışır:

“İnsanlar arıqlamaq üçün çox fərqli vasitələrdən istifadə edirlər. Bəziləri idmanla, bəziləri pəhriz saxlayaraq, bəziləri isə gün ərzində heç nə yeməməklə arıqlamağa çalışırlar. Bütün günü ac qalaraq arıqlamaq istəyi ya səbrsizlik, tez nəticə əldə etmək arzusundan, ya da indiyə kimi saytlarda gördüyü fərqli pəhriz növlərindən istifadə edib bəhrəsini görməməyindən qaynaqlanır.
Gün ərzində ac qalaraq arıqlamağa çalışmaq  yanlış yoldu. Bəzi saytlarda rastlaşdığınız pəhriz reseptlərinin əksəriyyəti səhvdi. Insanlar bilməlidirlər ki, pəhrizlər fərdi şəkildə təyin edilməlidir. Pəhriz yazılarkən insanın boyu, yaşı, çəkisi, səhhətindəki istənilən problem nəzərə alınmalıdır.
Diyetoloqla məsləhətləşmək yaxşıdır, amma ona müraciət etmədən də, bəzi yeməklərdən uzaq duraraq arıqlamaq mümkündür. Elə pəhriz növləri var ki, onları yaşından, çəkisindən asılı olmayaraq hamı tətbiq edə bilər. Məsələn, səhər yuxudan duran kimi qlükozalı çay yerinə yulaf əzməsi, ya da bədən çəkisinə görə 2-5 dənə yumurtanın ağını yemək faydalı olacaq. Çünki qlükozalı çayda sadə şəkərdən istifadə olunur. Sadə şəkər, qanda şəkərin miqdarının sürətlə qalxıb, yenidən düşməyinə gətirib çixardır ki, bu da orqanizmə çox ziyandır. Yulaf əzməsi isə həm yüngül karbohidrat olaraq günə enerjili başlamağa kömək edir,  həm də mədə bağırsağın düzgün işləməsini tənzimləyir”.
 
“PƏHRİZ ZAMANI ƏSAS SƏHƏR YEMƏYİ...”

"Səhər və günorta yeməyi arasında meyvə şirələri içmək və ya badam, əncir qurusu kimi quru meyvə və çərəzlərlə qidalanmaq olar. Bəzən pəhriz zamanı banandan istifadəni qadağan edirlər, buna səbəb kimi bir bananda olan 25 qram karbohidrat və 80 kalori göstərilir. Ancaq unutmaq lazım deyil ki, banandakı kalori bədənə lazımdır və o, dərialtı yağa keçmir. Lakin günün birinci yarısında yeyilməsi məsləhətdir. Günorta yeməyində mütləq ət istifadə etmək lazımdır. Bu toyuq,yaxud qırmızı ət ola bilər. Yanında, yağlı olmamaq şərti ilə az miqdarda düyü, qarabaşaq, bulqur, lobya və kartof püresi mütləqdir. Çünki orqanizmin düyü, qarabaşaq və kartof püresindəki karbohidrata ehtiyacı var. Bədən onu asanlıqla enerjiyə çevirə bilir. Günorta və axşam yeməyi arasında meyvə-tərəvəz yemək lazımdır. Axşam yeməyində az miqdarda zeytun yağında qızardılmış balıq və ya mayonezsiz salatlar yeyib günlük qidalanmanı tamamlamaq olar. Diyetoloqlara müraciət edən insanlar isə  ona öz xüsusiyyətlərini deməklə yanaşı idman edib-etmədiklərini də bildirməlidirlər. Çünki həmin insanların gün ərzində itirdiyi kalorinin nəzərə alınmamağı ciddi problem yarada bilər. İdmanla məşğul olan insan məşq zalında gündə 1500 kalori atır. Onun gün ərzində əlavə kalori xərclədiyini də nəzərə alsaq, diyetoloqun günlük 1200 kalorilik menyusu həmin insanda təzyiq düşməsi, baş gicəllənməsi, pəhrizi buraxandan sonra itirilmiş çəkinin tez bir zamanda bərpası ilə nəticələnə bilər”.