Murad Arif onu 20 kiloqram arıqladan pəhrizindən danışdı

Murad Arif onu 20 kiloqram arıqladan pəhrizindən danışdı
5786 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı-bəstəkar Murad Arifin 20 kiloqram arıqladığı ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın müxbiri ilə söhbətində aparıcı buna necə nail olduğundan danışıb:

“ANS telekanalında yayımlanan “İncə maraqlar” verilişinin qonağı idim. Orada dietoloq Leyla xanımla tanış oldum və mərc gəldim ki, onun sayəsində 3 aya arıqlayacam. Bunun üçün əvvəlcə müayinədən keçdim, artıq çəki yığmağıma səbəb olan amil müəyyənləşdirildi. Analizlərdən sonra məlum oldu ki, məni kökəldən insulindir. Onun miqdarını normaya salmaq üçün müalicə aldım. Buna uyğun pəhriz yazdılar. Pəhriz menyusu hər həftə dəyişir. Əsasən təbii qidalardan istifadə edirəm. Qida rasionumdan şirniyyatı, xəmir xörəklərini tamamilə çıxartmışam. İdmanla məşğul oluram: trenajor, qaçış lenti, velosiped. Üç ay ərzində 20 kiloqrama qədər arıqladım. Bu pəhrizi başqalarına məsləhət görə bilmərəm. Çünki individualdır. Mənim orqanizmim üçün təyin olunan menyu başqasına zərər vura bilər. Buna görə də əvvəlcə həkim müayinəsindən keçmək lazımdır. Bilirəm ki, pəhrizə davamlı əməl etsəm, lap çox arıqlayaram. Amma hərdən qanunları pozuram. Hazırda 92 kiloqramam. Ən çox 85 kiloqram olmaq istəyərəm. Bundan artıq arıqlamaq imicimi itirməyimə səbəb ola bilər. Bir çox məşhurlarımız var ki, arıqlayıb, simalarını itiriblər. Bunu xoşlamıram”.

Murad Arif arıqlamağının səbəbini də açıqlayıb. Sən demə, aparıcı yaxın günlərdə müğənni kimi fəaliyyətə başlayacaq:

“Tədbirlərdə aparıcılıq edirəm. Bəzən müğənni gecikir, onları özüm əvəzləyirəm. Həm də cəmiyyətimizdə müğənnilərin sözü keçərlidir. Bu səbəblər məni müğənniliyə meyilləndirdi.  Hətta artıq oxumağa başlamışam. Öz mahnılarımı oxuyacam. Yaxın günlərdə klipim də təqdim olunacaq”.

“Bundan sonra ən yaxşı bəstələrinizi özünüzə saxlayacaqsınız” sualına isə Murad Arif belə cavab verib:

“Əlbəttə, bu belə olmalıdır. Ən gözəl bəstələrimi özüm səsləndirəcəm”.